17.09.2021

İmişlidə təhsil işçilərinin sentyabr konfransı keçirilib

Sentyabrın 17-də İmişli rayon Heydər Əliyev Mərkəzində İmişli, Sabirabad, Saatlı və Beylaqan rayonlarının təhsil işçilərinin regional sentyabr konfransı keçirilib. Konfransda Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov, Azərbaycan Respublikası Təhsil İnstitutunun əməkdaşı Nəzakət Mehdiyeva, bölgələrin təhsil şöbələrinin müdirləri və əməkdaşları, məktəb rəhbərləri iştirak ediblər. Qonaqlar öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər. Konfrans Dövlət Himni səsləndirilməsi ilə başlayıb və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

           Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov bölgələr üzrə 2020-2021-ci tədris ilinə dair hesabtla çıxış edib. Azərbaycanda təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb. Konfransda iştirak edən rayonların ötən tədris ili üzrə fəaliyyətləri geniş təhlil edilib, məktəb idarəetməsinin prioritetləri barədə danışılıb, yeni dərs ilində qarşıda duran vəzifələrdən bəhs olunub. Rayonlar üzrə əldə edilmiş naliyyətlər tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

             Sonra Azərbaycan Respublikası Təhsil İnstitutunun əməkdaşı Nəzakət Mehdiyeva ümumi təhsil məktəblərində təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, keyfiyyətin artırılması üsul və formaları, məktəblərdə tərbiyə işinin təşkili, fəaliyyətin səmərəliliyinin artırılması və digər məsələlər barədə çıxış edib.

        Tədbir “Vətən müharibəsi iştirakçısı” olan Məzrəli kənd tam orta məktəbin tarix müəllimi Asim Nərimanovun və Hacalmuradlı kənd tam orta məktəbin gənc Azərbaycan dili və ədəbiyyatı müəllimi Gülgün Rzayevanın çıxışı ilə davam edib.  Konfrans iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

             Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlanıb.

 


Açar sözlər: ,