08.06.2018

Milli Qəhrəmanın  xatirəsi anılıb

Azərbaycan Respublikasının Milli Qəhrəmanı Namiq Müslüm oğlu Allahverdiyevin xatirəsi adını daşıdığı məktəbdə anılıb. Milli Qəhrəmanın anım mərasimində Beyləqan rayon İcra Hakimiyyəti Başçısının müavini Aytən Mirzəyeva, Namiq Allahverdiyev adına Beyləqan şəhər 1 nömrəli tam orta məktəbin direktoru Gülbəniz Cəfərova, məktəbin pedaqoji kollektivi, Milli Qəhrəmanın bacısı Nəzakət Allahverdiyeva və digər qonaqlar iştirak ediblər.

Azərbaycan Respublikasının möhtəşəm Dövlət Himni səsləndirilib.Torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğurunda şəhid olan , soydaşlarımızın və xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Qonaqların hər biri N.Allahverdiyevin keçdiyi döyüş yolundan danışıblar. Beyləqan rayon İcra Hakimiyyəti Başçısının müavini Aytən Mirzəyeva çıxışında bildirib ki, biz öz şəhidlərimizlə qürur duyuruq. Namiq qısa həyat yaşasa da ömür yolu şərəflidir. İllər ötəcək , amma Namiq əsrlərlə xalqımızın qəlbində yaşayacaqdır. Aytən Mirzəyeva çıxışında Silahlı Qüvvələrin Ali Baş Komandanı, möhtərəm Prezident cənab İlham Əliyevin uğurlu siyasətindən bəhs edərək bildirdi ki, biz torpaqlarımızı azad edəcəyik. Torpaqlarımızın azad olacağı gün şəhidlərimizin ruhları da şad olacaqdır. O gün uzaqda deyil.

AYB-nin üzvü Arif Həsənlinin Milli Qəhrəman Namiq Allahverdiyevə həsr etdiyi “Qəhrəmanın monoloqu” poeması əsasında məktəbin şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Sonda Milli Qəhrəmanın bacısı Nəzakət Allahverdiyeva çıxış edərək şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Dövlətimizin başçısı cənab İlham Əliyevə və tədbirin keçirilməsində zəhməti olanlara minnətdarlığını bildirib.

 

 


Açar sözlər: ,  ,  ,