15.05.2018

Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

Mayın 15-də Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.  Mərasimdə təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri, bir sıra dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, münsiflər heyətinin sədrləri və üzvləri, olimpiada qalibləri, təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Emin Əmrullayev Respublika fənn olimpiadaları nəticələrinin analitik təhlilinə dair təqdimatla çıxış edib. Bildirib ki, olimpiadanın nəticələrinə görə 45 nəfər qızıl, 89 nəfər gümüş, 142 nəfər bürünc olmaqla 276, Naxçıvan MR daxil olmaqla isə 298 nəfər qalib elan edilib. 

Təhsil naziri Ceyhun Bayramov 33 mindən çox şagirdin iştirak etdiyi Respublika fənn olimpiadalarının artıq adi yarış deyil, elm və bilik hərəkatına çevrildiyini vurğulayıb. Nazir qeyd edib ki, bu il Respublika fənn olimpiadalarında əldə edilən 298 medalın 157-si Bakı, 141-i isə digər bölgələrin payına düşür. Ümumilikdə, Azərbaycanın 50 müxtəlif bölgəsində təhsil alan şagirdlər olimpiadanın qalibləri sırasına düşüb.

  Bu şagirdlərdən biri də Beyləqan rayon Yuxarı Aran kənd tam orta məktəbin XI sinif şagirdi Məhərrəmli Adil Allahverdi oğludur. Məhərrəmli Adil Respublika fənn olimpiadasında riyaziyyat fənni üzrə III yeri tutaraq, bürünc medala layiq görülüb. Yuxarı Aran kənd tam orta məktəbin direktoru Vidadi Məmmədov və bütün müəllim kollektivi Adilin bu uğuruna çox sevinib və ona qarşıdan gələn intahanlarda uğurlar diləyiblər.