25.12.2018

Maarifləndirmə tədbiri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 25 dekabr 2018-ci il tarixində Beyləqan rayonu İmamverdilər kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və Yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.

Tədbirin  əsas məqsədi  məktəblilərə təbii və texnogen mənşəli hadisələrin yaranma səbəbləri, onlardan qorunma yolları haqqında biliklərin aşılanması olub.

Görüşdə FHN-in Qarabağ Regional Mərkəzinin, Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Təhsil şöbəsinin əməkdaşları və məktəb kollektivi iştirak edib.

Toplantıda təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydalarına dair məruzələr edilib, dəm qazı təhlükəsi və onun qarşısının alınması yolları, Yeni il şənliklərində təhlükəsizlik qaydaları barədə, eyni zamanda “112” qaynar xətti” haqqında məlumat verilib, mövzularla bağlı fotoslaydlar nümayiş etdirilib.

Daha sonra təhsil müəssisələrinin təxliyə planlarının düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl edilməsinə nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarına videoçarx nümayiş etdirilib, maarifləndirici yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanılıb.


Açar sözlər: ,  ,  ,