15.01.2018

20 Yanvar faciəsi- müstəqillik uğrunda mübarizə tarixi

20 Yanvar faciəsi- müstəqillik uğrunda mübarizə tarixi

Beyləqan Rayon Təhsil Şöbəsində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş konfrans keçirilmişdir. Tədbir Azərbaycan xalqının milli müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin xatirəsinin yad etməklə öz işinə başlamışdır. Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmova konfransda “ Xalqımızın azadlıq mübarizəsi yolunda yaşadığı qanlı, lakin şərəfli tarix olan 20 Yanvar faciəsinin 28-ci ildönümü” mövzusunda məruzə edərək Azərbaycan xalqının müstəqillik, ərazi bütövlüyü və azadlıq uğrunda zaman-zaman şərəfli mücadilə yolu keçməsindən, şəhidlər verməsindən , ancaq heç vaxt usanmaması, geri çəkilməməsindən danışıb. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin xalqımıza qarşı törədilmiş bu faciəyə siyasi-hüquqi qiymət verilməsində, Şəhidlərin xatirəsinin əbədiləşdiriməsində, min bir qurban bahasına əldə olunan dövlət müstəqilliyinin qorunmasında çöx böyük və əvəzsiz xidmətləri olmuşdur.

Sonra Təhsil Şöbəsinin müdir müavini H.Babayev, metodiki kabinetin müdiri H.Məmmədov və təhsil müəssisə rəhbərləri, müəllimlər çıxış edərək 20 Yanvarın Azərbaycan xalqının milli azadlıq hərəkatı və müstəqillik tarixindəki yerindən, milli müstəqilliyin əldə olunmasındakı əhəmiyyətindən söz açıblar. Qeyd edilib ki, 20 Yanvar faciəsi ötən yüzilliyin sonlarındakı ictimai-siyasi proseslərin, işğalçı sovet imperiyasının son dirənişlərinin, ermənilərin Azərbaycana qarşı təcavüzkar siyasətinin, xalqın müstəqillik mübarizəsinin hələlik tam təşkilatlanmamış şəkildə aparmasının nəticəsi idi. Bu zaman keçmiş SSRİ-nin böyük əksəriyyəti ermənilərdən ibarət olan xüsusi təyinatlı ordusu Bakıya girmiş, 20 mindən artıq hərbiçinin, güclü hərbi texnikanın iştirakı ilə dinc, günahsız, silahsız insanlar, qadın və uşaqlar, qocalar kütləvi şəkildə qırılmış, eyni zamanda blokadada olan Naxçıvan erməni işğalçılarının hücumlarına qarşı təkbaşına mübarizə aparmalı olmuşdur. Həmin hadisələr, birmənalı olaraq, xalqın qəhrəmanlıq tarixi, öz istiqlalı, suverenliyi , müstəqil və demokratik dövlət uğrunda şanlı mübarizəsidir.

Bu fikir xüsusi vurğulanıb ki, hazırda tərəqqi yolunda olan, öz siyasətini özü müəyyən edən, müstəqil Azərbaycan Respublikasının varlığı, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının ətrafında sıx birləşərək gələcəyə inamla irəliləyən Azərbaycan xalqının varlığı şəhidlərimizin amallarının reallaşmasına, onların qanının yerdə qalmamasına sübutdur. Böyük inamla qeyd olunub ki, cənab İlham Əliyevin apardığı düzgün siyasət və rəhbərliyi sayəsində tezliklə işğal altında olan torpaqlarımız azad ediləcək, ərazi bütövlüyümüz təmin olunacaqdır.

Sonda mövzu ilə bağlı slaydlar və rayonun ümumtəhsil məktəbləri şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.